Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhərində aparılmış plandankənar yoxlamalar zamanı Xəzər rayonu, Binə qəsəbəsində Məmmədov Fariz İlyas oğluna, Zirə qəsəbəsində Mirzəyev Sürəddin Əbdüləli oğluna, Suraxanı rayonu, Hövsan qəsəbəsində Abbasov Sahib Baba oğluna, Sabunçu rayonu, Maştağa qəsəbəsində Quliyev Əbülfəz Baba oğluna məxsus bitki mühafizə vasitələri və pestisidlərin satışı mağazalarında bir sıra nöqsanlar aşkar edilib. Belə ki, mağazalarda istifadə müddəti bitmiş pestisid və aqrokimyəvi maddələr, eyni zamanda dövlət sınağından keçməmiş və dövlət qeydiyyatına alınmamış aqrokimyəvi maddələr aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
AQTA bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və idxalı ilə məşğul olan sahibkarları öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməyə və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.