Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən “Al-Dad” MMC-yə məxsus süd və süd məhsulları istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə temperatur rejiminə riayət olunmadığı, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən edilib. Eyni zamanda məhsulların etiket məlumatlarında istehsal zamanı təbii inək südündən istifadə edildiyi qeyd olunsa da, bitki mənşəli marqarin yağından istifadə edildiyi məlum olub.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.