Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Ağdam rayonu, Əhmədağalı kəndində fəaliyyət göstərən fiziki şəxs Kərimov Ələddin Məmməd oğluna məxsus “Ağdam” şadlıq evində aparılmış yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, manqal və soyuq qəlyanaltıların hazırlanması sahəsinin asan təmizlənməsinə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, manqal və qazan yeməklərinin hazırlanması sahəsində havalandırma sisteminin qurulmadığı, pəncərələrin zərərvericilərə qarşı qoruyucu torla təmin edilmədiyi məlum olub. Həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını təsdiq edən müvafiq sənədlər də yoxlamaya təqdim olunmayıb.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
[gallery ids="52321,52322,52323"]