Broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi haqda informasiyalar məqsədli şəkildə aparılan “qara piar”dır. Bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev deyib. O bildirib ki, bu kimi hallar iri sənaye müəssisələrində qeyri-mümkündür: “Bunlar ayrı-ayrı şəxslərə qarşı ədavətdən irəli gəlir, kimlərsə bazara daxil ola bilmir və məqsədli şəkildə bu cür məlumatları, videoları ictimailəşdirirlər. Qeyd edim ki, xüsusi iynə ilə quşların şişirdilməsi əl əməyinə əsaslanır. Amma iri müəssiələrdə quşların qablaşdırılmasınadək bütün prosesləri aparatlar icra edir”. Nazirlik rəsmisi qeyri-qanuni fəaliyyət göstərən kiçik sexlərdə bu yola əl atmasını istisna etməyib: “Ona görə də qablaşdırılmamış, yaxud üzərində hansı şirkətə məxsus olduğu göstərilməyən toyuqları almayın. Onlara iynə də vurulur, vannada suya salıb şişirdirlər də. Hətta rəngini sarıya boyayıb “kənd toyuğu” adı ilə əhaliyə satırlar. Sizin vasitənizlə ictimaiyyətə çatdırmaq istyirəm ki, o məhsulları almasınlar”. (Modern.az)