İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə supsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir ki, onlardan da 4-ü əsas, 2-si isə yardımçı məntəqələrdir.
Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2999 baş inək və düyədən cari ilin 4 ayı ərzində 695 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 69 min 500 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda İmişlinın heyvandarlıq təsərrüfatlarında 94 min 935 baş iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.