Mikroorqanizmlərin çirklənməyə məruz qalmış səthlərdən (qida məhsulları, avadanlıqlar və s.) digər səthlərə ötürülməsi çarpaz çirklənmədir. Qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi zamanı, onların təhlükəsizliyinə və ya yararlığına təhlükə yarada bilən, tərkibinə məqsədli şəkildə daxil edilməyən və ətraf mühitdən keçən fiziki, kimyəvi və bioloji maddələrə məruz qalması isə çirklənmədir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir. Sənədə əsasən, qızdırılma, sərt fırça ilə təmizləmə, suyu istisna edən tozsoran və ya digər üsullarla turbulent axın kimi fiziki üsulların və yuyucu vasitələrin, qələvi və ya turşuların köməyi ilə kimyəvi üsulların ayrı-ayrı və ya birlikdə tətbiqinə əsaslanan proses və ya proseslərin məcmusu təmizləmədir. Qida obyektlərində parazitlərin, xəstəliklərin və zərərli mikroorqanizmlərin yaranmasının və ya yayılmasının qarşısının alınması məqsədilə qida obyektinin rəhbəri tərəfindən təmin olunan, dövri təmizlik (kimyəvi vasitələrlə) işlərinin məcmusu isə dezinfeksiya proqramlarıdır.