Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı xidmət göstərəcək otel və mehmanxana əməkdaşları üçün "Qida təhlükəsizliyi" mövzusunda keçirilən təlimləri davam etdirir. 

Foodinfo.az xəbər verir ki, təlimlər AQTİ-nin tərəfdaşlığı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən COP29-a hazırlıqla əlaqədar təşkil olunan maarifləndirici tədbirlər çərçivəsində keçirilir.

Təlimlərdə iştirakçılar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanundan irəli gələn tələblər, eyni zamanda tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsinin təmin edilməsi ilə bağlı ətraflı məlumatlandırılır. Onlara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri, qida məhsulları ilə təmasda olan bütün alət və avadanlıqların təmiz saxlanılması və dezinfeksiya olunması, şəxsi gigiyena qaydaları və digər məsələlər barədə məlumat verilir. Həmçinin mövzu ilə bağlı müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır.