Qlobal ərzaq təhlükəsizliyi mövzusu beynəlxalq təşkilatların gündəmində qalmaqda davam edir. Ekspertlər hesab edir ki, mövcud çətinliklərə baxmayaraq, beynəlxalq əməkdaşlıq və humanitar proqramlar sayəsində vəziyyətin sabitləşdirilməsi üçün yeni imkanlar yaranır.
Foodinfo.az Reuters agentliyinə istinadla xəbər verir ki, BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Skau Yaxın Şərqdəki vəziyyətin qlobal ərzaq bazarına təsir göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, münaqişənin uzanması nəticəsində dünyada əlavə olaraq on milyonlarla insanın ərzaq çatışmazlığı riski ilə üzləşməsi ehtimal olunur.
Təşkilatın təhlillərinə əsasən, regionda yaranan gərginlik bəzi humanitar yardım marşrutlarının fəaliyyətinə təsir edib və bu da bir sıra bölgələrə ərzaq daşınmasında gecikmələrə səbəb olub. Bununla yanaşı, bəzi bazarlarda ərzaq, neft və nəqliyyat xərclərində artım müşahidə edilir.
Karl Skau qeyd edib ki, hazırda dünyada ərzaq çatışmazlığı riski ilə üzləşən insanların sayı artıq yüz milyonlarla ölçülür. Bununla belə, beynəlxalq təşkilatlar və donor ölkələr humanitar proqramları genişləndirərək ən çox ehtiyacı olan bölgələrə yardımın davam etdirilməsi üçün yeni mexanizmlər üzərində işləyir.






