Banan təhlükə altındadır. Planetdə ən populyar meyvə dünyanın bütün meyvə bazarını əsaslı şəkildə dəyişdirə biləcək xəstəliklə qarşılaşmışdır. Foodinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Welt” qəzeti xəbər verir. Hazırda dünya ticarətində bananın payı 30 milyard avrodan çoxdur. İstehsalçı ölkələrdə banan yetişdirilməsi 100 minlərlə adamı işlə təmin edir. Tropical Race 4 (TR4) adlı xəstəlik ilk dəfə Tayvanda aşkarlanmışdır, indisə aqressiv göbələk bütün dünyada yayılır. O, 2016-cı ildə Afrika və Pakistanda qeydə alınmışdır. TR4 2019-cu ildə dünya ticarəti üçün banan yetişdirən əsas regiona - Cənubi Amerikaya çatmışdır. Kolumbiya və Hondurasda artıq ilk plantasiyalar bağlanmışdır. Torpaqda uzun müddət  yaşaya bilən göbələk sporlarını zərərsizləşdirmək vasitəsi hələ mövcud deyil. Kimyəvi preparatların köməyi ilə də göbələkdən xilas olmaq qeyri-mümkündür. Bu o deməkdir ki, xəstəliyə yoluxmuş sahələrdən, bir qayda olaraq, 30-40 il istifadə etmək mümkün olmayacaq. Banan istehsalına yaranmış ciddi təhlükəyə baxmayaraq, istehlak qiymətləri hələ də sabit olaraq qalır. Sabitliyin  səbəblərindən biri odur ki, Cənubi və Mərkəzi Amerikadakı istehsalçılar bitki xəstəliklərinin qarşısını müəyyən dərəcədə almağa müvəffəq olurlar. Asiya, Afrika və Amerikanın bir çox ekvatorial ölkələrində banan rasionda əhəmiyyətli rol oynayır. Dünyada hər il təxminən 114 milyon ton həcmində olan banan məhsulunun yalnız 15 faizi ixraca yönəldilir. Yəni banan  təhlükə altına düşsə, adamlar təkcə dadlı meyvədən yox, həm də əsas ərzaq məhsullarının birindən məhrum olacaqlar. Avstraliyalı biotexnoloq Ceyms Deyl bananın dünya ticarətində populyar olan və TR4-ə yoluxmayan genetik modifikasiyaya uğramış Cavendish sortunu yaratmışdır. İndi sənaye növbəti addımı dəstəkləmək üçün maliyyə vəsaiti qoymaq niyyətindədir: məqsəd bananın genetik modifikasiyaya uğramamış rezistent sortunu yetişdirməyə cəhd göstərməkdir. Bunun üçün Crispr/Cas genetik qayçılar texnologiyasından istifadə etmək planlaşdırılır. Lakin bu cür sortların hazırlanması bir neçə il çəkəcək. Özü də ziyanverici məhz dünyada banan satışının 95 faizini təşkil edən Cavendish sortunu vurur. Banan ilk dəfə deyil ki, ziyanlı göbələklə qarşılaşır. 1960-cı illərdə bazarda bananın Cavendish deyil, Gros Michel sortu daha çox satılırdı. Gros Michel daha iri, şirin və ətirli idi, həm də Cavendish-ə nisbətən daha rahat təmizlənirdi. Amma sonralar TR4-ün yaxın qohumu TR1 göbələyi Gros Michel-i bazardan sıxışdırıb çıxarmışdır və bu gün Gros Michel sortu, demək olar ki, yoxdur.