Azərbaycan Avropa və Mərkəzi Asiyada qida nəzarəti sistemininin qiymətləndirilməsinin tamamlanmasına görə birinci ölkədir. Bu, önəmli mərhələdir və gələcək islahatlar üçün zəmin yaradacaq.
Foodinfo.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat Bakıda “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə deyib.
“Milli qida nəzarəti sistemi istehlakçıların sağlamlığının qorunmasında və qida məhsullarının ticarəti sahəsində ədalətli təcrübənin təmin edilməsində mühüm rol oynayır. Bu sistem hər bir ölkədə səhiyyənin səviyyəsi, hüquqi və institusional baza və analitik resurslar da daxil olmaqla, dəstək xidmətlərinin mövcudluğu kimi xüsusi şərtlərdən asılıdır. Sistemin funksiyalarını səmərəli şəkildə yerinə yetirə bilməsi həm də onun daha da gücləndirilməsinin planlaşdırılması, yeni bazarların və ticarət əlaqələrinin inkişafı, eləcə də daxili bazarda etimadın yaradılması üçün mühüm siqnaldır”, - deyə Nasar Hayat bildirib.