Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhərinin 2-ci mikrorayon ərazisində fəaliyyət göstərən “Ailə” marketdə yoxlama həyata keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, yoxlama zamanı marketdə aşkar saxtalaşdırma əlamətləri olan, keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərlə müşayiət edilməyən “Banketnaya Yubiley 10” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Həmin alkoqollu içkinin kəskin fərqləndiyi, başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, məhsulların üzərində istehsal tarixlərinin qeyd edilmədiyi müşahidə olunub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində nümunələrdə bir sıra uyğunsuzluqlar aşkarlanıb.
Faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədilə iş üzrə toplanmış materiallar aidiyyəti üzrə göndərilib. Məhsullar saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.