Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə müvafiq tədbirləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, bu çərçivədə AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Tabia Group” MMC-nin əməkdaşları üçün HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) mövzusunda təlim təşkil olunub və onlara məsləhət xidmətləri göstərilib. İştirakçılara HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib. Eyni zamanda onlar HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb. Eləcə də iştirakçılara müvafiq məsləhətlər verilib, onların sualları cavablandırılıb.

Qeyd edək ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən HACCP və digər mövzularda həyata keçirilən təlim və məsləhət xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.