Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
Foodinfo.az xəbər verir ki, bu çərçivədə AQTİ-nin mütəxəssisləri tərəfindən “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda ikigünlük məlumatlandırma təlimləri təşkil olunub. Təlimlər qida zəncirini əhatə edən bütün sahibkarlıq subyektləri və onların əməkdaşları, habelə qida sahəsində fəaliyyət göstərmək istəyən fərdi şəxslər üçün keçirilib.
İnstitutun peşəkar mütəxəssisləri tərəfindən təlimlərdə iştirakçılar qida obyektlərində HACCP prinsipləri üzrə müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin həyata keçirilməsi metodları barədə məlumatlandırılıb. Eləcə də onlara təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi izah edilib. Həmçinin məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumat verilib.
İnteraktiv formada təşkil olunan təlimlərin sonunda müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlərdə əldə olunan biliklər iştirakçılara fəaliyyət göstərdikləri və ya gələcəkdə çalışacaqları qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verəcək.