Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından yüz tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər. Foodinfo.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1439,6 hektar meyvə bağı var. Ötən il bu bağlardan 11 min 995 ton məhsul tədarük olunub ki, bu da 2017-ci ildəkindən 881 ton çoxdur. Tədarük olunan meyvənin 272 tonunu alma, 212 tonunu armud, 330 tonunu alça, 406 tonunu heyva, 640 tonunu ərik, 158 tonunu şaftalı, 179 tonunu gavalı, qalanını isə digər meyvələr təşkil edib. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Rayonda mövcud olan 1137 hektar nar bağından 9 min 41 ton məhsul tədarük olunub. Tədarük olunan narın demək olar ki, yarıdan çoxu Udlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisindəki bağlardan yığılıb. Bağbanlar yetişdirdikləri narı yerli bazarlarla yanaşı, xarici bazarlara da göndəriblər. AZƏRTAC