Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində AQTA Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Nərimanov rayonu ərazisində fəaliyyət göstərən ət satışı mağazalarının sahibləri ilə görüşlər keçirib. Tədbirlər rayonun Əliyar Əliyev küçəsində yerləşən heyvan kəsimi məntəqələrində təşkil olunub. Görüşlərdə sahibkarlara baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçə və yol kənarlarında satış məqsədilə heyvan kəsiminin insanların xəstəliklərə yoluxmasına şərait yaratdığı bildirilib. Həmçinin ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılmasının yolverilməz olduğu onların diqqətinə çatdırılıb. Qeyd edək ki, Agentlik fəaliyyətə başladığı dövrdən hazırkı vaxta  qədər  Bakı şəhəri ərazisində baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimini həyata keçirən subyektlərə kəsimin dayandırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib, bildirişlər paylansa da qanunsuz küçə kəsimi davam etdirilir.