“Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları” səyyar, stasionar və modul tipli heyvan və quş kəsimi məntəqələrində insanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, bu qaydalar “Baytarlıq haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu sahədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının birgə orqanı olan “Codex Alimentarius” Komissiyası tərəfindən tərtib edilmiş “Ət gigiyenasının ümumi prinsipləri”nə uyğun olaraq hazırlanıb. 

Qeyd edək ki, səyyar (mobil tipli), stasionar və modul tipli kəsim məntəqələri mövcuddur. Səyyar kəsim məntəqəsi kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında, Qurban bayramı yaxud digər xüsusi tədbirlər həyata keçirilən günlərdə baytarlıq-sanitariya və zoogigiyena normalarına və qaydalarına uyğun olaraq müvəqqəti heyvan və quş kəsimi üçün yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilmiş yerdə qurulan qurğudur. Heyvan və quş kəsiminin, heyvan mənşəli qida məhsullarının ilkin emalının həyata keçirildiyi məntəqə (bina və ya digər tikililər) stasionar kəsim məntəqəsi adlanır. Modul tipli kəsim məntəqəsi isə heyvan və ya quş kəsimi həyata keçirilən dəmir konstruksiya ilə quraşdırılan müvəqqəti tikilidir.