Ölkə üzrə idman qidalarının satışı həyata keçirilən 127 müəssisədə (idman zalları, idman məhsulları mağazaları, apteklər və s.) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər keçirilib.

Foodinfo.az xəbər verir ki, monitorinq zamanı 24 müəssisədə uyğunsuzluq müəyyən edilib. 150 adda 1004 ədəd məhsulun etiket məlumatlarının qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 46 obyektin isə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Monitorinq zamanı idxal sağlamlıq aktı olmayan 70 adda 129 ədəd idman qida məhsulu (Türkiyə, ABŞ, Almaniya, Polşa, Rusiya, Macarıstan, Finlandiya, Belçika və Çexiya mənşəli) aşkarlanıb.

İnsan həyat və sağlamlığı üçün risk daşıyan həmin məhsullar ölkəyə qanunsuz olaraq gətirilib və qida təhlükəsizliyi nəzarətindən keçirilməyib. Araşdırmalar göstərir ki, bəzi işbazlar şəxsi istehlak adı ilə idman qidalarını və bioloji aktiv qida məhsullarını ölkəyə gətirərək onların qeyri-qanuni olaraq satışını həyata keçirir. Bildiririk ki, satış məqsədilə gətirilən məhsullar təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laborator analizlərə cəlb edilərək mütləq dövlət qeydiyyatına alınmalıdır.

Uyğunsuzluqlarla əlaqədar inzibati tənbeh tədbiri görülüb. Nöqsan aşkarlanan məhsulların satışı dayandırılıb. Nümunələr götürülərək müayinələrə cəlb edilib. Monitorinqlər davam etdirilir.