İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Şahdağ” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, baxış zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Bazarda fəaliyyət göstərən ticarət obyektlərinin qida məhsullarının saxlanılması və satışı üzrə tələblərə uyğun müvafiq avadanlıqlarla təmin edilmədiyi, ət satışı üçün bölmələrin təşkil olunmadığı, xüsusi risk qrupuna aid məhsulların temperatur rejimi gözlənilmədiyi, mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədən və xüsusi geyimsiz fəaliyyət göstərdiyi, qida ilə təmasda olan səthlərin asan təmizlənə və dezinfeksiya edilə bilən materialdan ibarət olmadığı və digər nöqsanlar aşkarlanıb.
Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, bazarda süd məhsullarının satışı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.