Qida Təhlükəsiziliyi İnstitutunda (AQTİ) “Kodeks potensialının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Agentliyin tabeli qurumlarının əməkdaşları və sahibkarların iştirak etdiyi tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədr müavini Zeynəb Qurbanova Milli Kodeks Komitəsinin AQTİ-də təsis edilməsinin ölkəmiz üçün əhəmiyyəti barədə danışıb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, kodeks standartları üzrə beynəlxalq ekspert Betül Vazkeçər tərəfindən aparılan təlim çərçivəsində Kodeks Alimentarius Komissiyasınınin strukturu, iş prinsipi, fəaliyyət sahələri, həmçinin kodeks standartlarının hazırlanması, əhəmiyyəti və ölkəmizdə tətbiqi, kodeks komitəsinin elektron işçi qrupunun fəaliyyət sahələri və iş prinsipləri təqdim olunub. Həmçinin iştirakçılar istehlakçı maraqlarının qorunması və ətraf mühitin mühafizəsi, SPS&TBT sazişləri ilə kodeks standartlarının əlaqəsi, baytarlıq, bitki sağlamlığı, qida və yemək üzrə beynəlxalq qanunlar, kodeksin internet səhifəsinin istifadə qaydaları, kodeks idarəetməsi üzrə ətraflı məlumatlandırılıb.
Bundan başqa kodeks üzrə milli əlaqələndiricinin vəzifə və öhdəlikləri sahəsində məlumatlar təqdim edilib. Milli Kodeks Komitəsinin Qida Təhlükəsizliyi İnstitutunda təsis edilməsi sahəsində dünyada tətbiq olunan struktur formalar müzakirə olunub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.