Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində fitosanitar sabitliyin qorunması, təhlükəli zərərli orqanizmlərin erkən aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar nəzarətində olan karantin obyektlərində mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Milli Monitorinq Planı çərçivəsində Agentlik əməkdaşları tərəfindən Şəki-Zaqatala bölgəsində meyvə bağlarında aparılan monitorinqlər zamanı təhlükəli zərərverici olan qəhvəyi mərmər taxtabiti (Halyomorpha halys) müəyyən edilib. Zərərverici əsasən Balakən şəhəri və rayonun Hənifə, Kortala, Püştətala kəndləri, Zaqatala rayonunun Əliabad qəsəbəsi, Muxax, Bazar, Yuxarı Tala, Aşağı Tala, Üçüncü Tala kəndləri, Qax rayonunun Tasmalı və Zəyəm kəndləri ərazisində yerləşən fındıq bağlarında, Zaqatala rayonunun qoz və qarğıdalı əkin sahələrində aşkarlanıb. Qeyd edək ki, qəhvəyi mərmər taxtabiti 49 fəsiləyə aid olan 300-dən çox bitki ilə qidalanır ki, bunlardan 113-ü Azərbaycan florasında mövcuddur. Meyvə bitkilərindən kivi, alma, armud, fındıq, üzüm, xurma, sitrus bitkiləri, tərəvəz bitkilərindən kələm, xiyar, balqabaq, soya, lobya, pomidor və s., texniki bitkilərdən şəkər çuğunduru, pambıq, günəbaxan, tütün, o cümlədən dekorativ və bəzək ağac, kol və ot bitkilərinə ziyan vura bilir. Zərərərverici kənd təsərrüfatı əhəmiyyətli bitkilərin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salaraq 90%-ə qədər məhsul itkisinə səbəb ola bilir. Həm yetkin, həm də sürfə mərhələsində qida bitkilərinin əsasən meyvələri, cavan budaqların və yarpaqların şirəsi ilə qidalanır. Bu zaman meyvə-tərəvəzlərin səthini zədələyərək həmin hissədə nekroz əmələ gətirir, meyvənin qabığı altında quru pambıqvari toxuma yaranır, meyvənin dadı pisləşir, üst səthində kələ-kötürlük formalaşır. Zərərverici əsasən təzə meyvə-tərəvəz, kəsilmiş gül, ting, o cümlədən müxtəlif nəqliyyat vasitəsi (təyyarə, gəmi, qatar, maşın), koteyner, avadanlıq, baqaj və yüklər vasitəsilə uzaq məsafələrə yayıla bilir. Eləcə də təbii yolla, yetkin fərdlərin uçması ilə yayılır. Hazırda 3 rayon üzrə 15 yaşayış məntəqəsində zərərvericinin yayılma arealı müəyyənləşdirilib. Bununla bağlı olaraq, dərhal zərərvericinin yayılmasının qarşısının alınması üçün biotexniki mübarizə tədbirləri çərçivəsində feromon tələlər asılıb, eyni zamanda mexaniki mübarizə tədbilərinin həyata keçirilməsinə başlanılıb. [gallery ids="50730,50731"]