Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qida təhlükəsizliyi tələblərinə uyğun olaraq sanitar-gigiyenik vəziyyətin yoxlanılması, həmçinin vətəndaşların sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi ilə bağlı zəruri tədbirlər görülür. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, cari ilin müvafiq dövrü ərzində Agentlik tərəfindən 1668 ticarət və 1121 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı ticarət müəssisəsində 3945 nəfər, ictimai iaşə müəssisəsində isə 3643 nəfər işçinin tibbi müayinədən keçmədən işlədiyi müəyyən edilib. Agentlik tərəfindən ticarət və ictimai iaşə müəssələrində aşkar olunmuş qanunsuz hallarla bağlı müvafiq tədbirlər həyata keçirilib. Aparılan planlı və plandankənar yoxlamalar zamanı 100 qida subyektində işləyən və tibbi müayinədən keçməyən 669 nəfər işçinin işdən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. 831 ticarət şəbəkəsi və 712 ictimai iaşə müəssisəsinin rəhbərinə obliqat qrupa daxil olan şəxslərin vaxtaşırı tibbi müayinələrə cəlb edilməsi ilə bağlı məktublar göndərilib. Obliqat qrupa daxil olan şəxslərin dövri tibbi müayinəyə cəlb edilməsi ilə bağlı 90 şadlıq evinin rəhbəri  15 ticarət şəbəkəsinin nümayəndəsinin iştirakı ilə görüş keçirilib. Qeyd edək ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir. Nəzərə almaq lazımdır ki, tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşların qida obyektlərində hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması qida məhsulları vasitəsilə insan sağlamlığında bir sıra fəsadların, o cümlədən mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan halların baş verməsinə, həmçinin qida zəhərlənmələrinə səbəb ola bilər. Bir sıra dəri və yoluxucu xəstəliklər də qida vasitəsilə xəstəlik daşıyıcılarından ötürülə bilər. Agentlik bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti dərk edərək məsələyə ciddi yanaşmalı və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etməlidirlər.