Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanunun 20.3-cü və 24.5-ci maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli qida məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida subyektlərinin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilməlidir.
Foodinfo.az AQTA-ya istinadla xəbər verir ki, müvafiq qanunun icrasının təmin olunması məqsədilə bir sıra dövlətlərdən, o cümlədən Polşa, Litva və Braziliyadan ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Lakin adıçəkilən ölkələrdə fəaliyyət göstərən müəssisələrdən respublikamıza məhsul idxal olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Agentliyə bu ölkələrin istehsalçılarından təsdiqlə bağlı müraciətlər daxil olmayıb. Bununla əlaqədar, 2023-cü il noyabrın 15-dən təsdiq üçün müraciət etməyən, Polşa, Litva və Braziliyada fəaliyyət göstərən müəssisələrdən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.