Qida Təhlükəsizliyi Agentliyi qarpız alarkən nələrə diqqət etmək lazım olduğu ilə bağlı məlumat açıqlayıb.
Foodinfo.az həmin məlumatı təqdim edir.
Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Qeyd olunan vaxtdan əvvəl qarpız almaq məsləhət deyil.
Qarpızın dadlı olması üçün, onun yetişməsinin sürətləndirilməsi, ölçüsünün böyük olması üçün istifadə olunan çox miqdarda nitrat - azotlu maddələr və yanlış saxlanma zəhərlənməyə səbəb ola bilər.
Qarpız alarkən bunları bilmək vacibdir:
Qalın qabıqlı, çəkisi 7-8 kiloqramdan artıq olan, üzərində boz və ağ zolaqları olan qarpızı almaq məsləhət deyil.
Qarpız sərin yerdə saxlanılmalı və birbaşa günəş şüaları altında qalmış, həmçinin əzilmiş, çürümüş və formasını dəyişmiş şəkildə olmamalıdır.
Bəzi hallarda qarpızın içi ağ və ya çəhrayı rəngdə olur, eləcə də qarpızın daxilində sarımtıl və ya qəhvəyi rəngdə damarlar müşahidə olunur. Bu hal qarpızın qənaətbəxş olmamasından xəbər verir.
Qarpız alarkən satıcının onu kəsməsinə icazə verməyin. Çünki ümumi istifadədə olan bıçaqdan alacağınız qarpıza mikrob düşmə ehtimalı var.
Qarpız müvafiq sanitar qaydalara uyğun olaraq saxlanmalıdır. Yerdə yox, piştaxtanın üzərində satılan qarpızlara üstünlük verilməlidir.
Satış yerlərində, o cümlədən evdə qarpızı qapalı, sərin yerdə saxlamaq lazımdır. Doğranmış qarpız dilimlərini ancaq bağlı, plastik və ya polietilen qabda mənfi 18ºC temperaturda dondurub saxlamaq olar.
Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq və təmiz, quru bıçaqla kəsmək vacibdir.