Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “ARB 24” Televiziya Şirkətinin birgə layihəsi olan “Qida Bələdçisi” verilişinin altıncı buraxılışı yayımlanıb. Növbəti verilişdə Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi Əkbər Əliyev ictimai-iaşə müəssisələrinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə necə uyğunlaşdıra biləcəklərindən danışıb. Eyni zamanda həkim-uroloq Vüsal Əhmədov gün ərzində normadan artıq duz istehlakının insan orqanizmində yarada biləcəyi fəsadlar barədə məlumat verib. “Qida Bələdçisi”nin əməkdaşları “Qarabağ” FK-nun bazasından maraqlı reportaj da hazırlayıblar. “İdmançılar necə qidalanmalıdır?”sualına klubun baş məşqçisi Qurban Qurbanov və futbolçular cavab verib. Bununla yanaşı “Sumqayıtda 22 ton yağ niyə məhv edildi?”, “Qırğızıstandan ölkəmizə idxal edilən 44 ton yonca toxumunda karantin alaq otu aşkarlandı”, “Gün ərzində nə qədər çörək yemək olar?” kimi suallara aydınlıq gətirilib. Dünya ölkələrində bu sahədə qeydə alınan maraqlı yeniliklər tamaşaçılara təqdim edilib. Məqsəd əhalini qida təhlükəsizliyi sahəsində görülən işlər barədə məlumatlandırmaq, eləcə də sağlam qida ilə bağlı maarifləndirməkdir. Qeyd edək ki, “Qida Bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB24" telekanalında yayımlanır. https://www.youtube.com/watch?v=uMrVliMgfuo