Səyyar və ya müvəqqəti qurğulara-bazarda çadırlar, köşklər, piştaxtalar, digər səyyar ticarət vasitələri, bazarlarda satılması üçün qida məhsullarının hazırlandığı məkanlar, ticarət avtomatları, nəqliyyat vasitələri və digər səyyar qurğular aiddir.
Foodnfo.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizlyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirilir ki, səyyar və ya müvəqqəti qurğularda qida məhsullarının saxlanması, hazırlanması, tədarükü, emalı və satışı müvafiq tələblərə əməl edilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələblərinə uyğun təşkil olunmalı və həyata keçirilməlidir.
Səyyar qurğular layihələndirildikdə, qurulduqda və ya təchiz olunduqda, istismar zamanı mümkün çirklənmə risklərinin qarşısını almaq məqsədilə (xüsusilə heyvanlar və zərərvericilər tərəfindən) həmin qurğular təmiz, əlverişli sanitariya-gigiyena vəziyyətində və işlək vəziyyətdə saxlanmalıdır. Həmçinin səyyar qurğular əllərin gigiyena qaydalarına uyğun yuyulması və qurudulması üçün müvafiq avadanlıqlarla təchiz edilməli, gigiyena tələblərinə uyğun olaraq işçi heyətin xüsusi geyimin (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) dəyişdirilməsi təmin olunmalıdır. Qida məhsulları ilə təmasda olan səthlər saz vəziyyətdə olaraq asan təmizlənməli, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olmalıdır. Səthlərin üzlənməsi zamanı hamar, yuyula bilən, korroziyaya davamlı və tətbiqinə icazə verilən (müvafiq sənədlə - sertifikatla müşayiət olunmalıdır) qeyri-toksik materiallardan istifadə edilməlidir. İstifadə edilən qablar, alətlər və avadanlıqların təmizlənməsi və dezinfeksiya işlərinin aparılması üçün şərait yaradılmalıdır.
Eyni zamanda emal zamanı qida məhsullarının yuyulub təmizlənməsi zərurəti yarandığı hallarda ayrıca yuma sahəsi, yuma avadanlığı, alətlər, yuyucu və dezinfeksiyaedici vasitələr təmin edilməlidir. Emal sahələri və iş yerləri yetərli miqdarda axar isti və soyuq məişət (təsərrüfat)-içməli su ilə təchiz edilməlidir.
Eləcə də təhlükəli, yaxud qeyri-qida maddələrinin və tullantıların (maye və ya bərk maddə şəklində) əlverişli gigiyenik şəraitdə saxlanması və zərərsizləşdirilməsi üçün müvafiq profilaktik tədbirlər görülməlidir. Qida məhsullarının xüsusiyyətlərinə uyğun olaraq münasib temperatur şəraitinin saxlanılması və izlənməsi üçün emal sahələri müvafiq qurğular və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilməlidir. Qida məhsulları çirklənmə təhlükəsinin qarşısını maksimum alacaq formada yerləşdirilməlidir.
Şəbnəm