Ötən ilin fevralında prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Fərmanda qeyd olunurdu ki, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmənin, risklərin təhlilinin, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasından ötrü Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.
Artıq bu ilin ilk ayından etibarən agentlik öz fəaliyyətinə başladı. Məlumat yayıldı ki, Qida Təhlükəsizliyi Agentliyi (Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri) mərkəzi icra hakimiyyəti orqanı statusunda “İnzibati orqanların Təsnifatı”na daxil edildi. Agentlik yaranmadan öncə bu sahə üzrə ekspertlər mətbuata açıqlamalarında vurğulayırdılar ki, Azərbaycanda qida təhlükəsizliyinə nəzarət edəcək xüsusi quruma ehtiyac var. Çünki bu agentlik yaranana qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət çoxsaylı dövlət qurumu tərəfindən həyata keçirilirdi. Hansı ki, bura Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi (idxal zamanı) daxil idi. Lakin yeni yaradılan agentliyin əsasnaməsinə nəzər yetirsək, onların bu istiqamətdə səlahiyyətlərinin qüvvədən düşdüyü aydın olur.
Agentliyin fəaliyyətinə qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmə - sanitariya norma və qaydaları, habelə gigiyena normativləri hazırlamaq və təsdiqini həyata keçirmək daxil edilib. O cümlədən qurum ölkədə istehsal edilən, idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alaraq reyestrini aparmalıdır.
Artıq 3 aydır fəaliyyətdə olan bu qurum qida sektorumuza nəzarət edə bilirmi? Bu barədə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, agentliyin əsasnaməsi çox mükəmməldir və qarşıya ciddi məsələlər qoyulub: “Xüsusən də qidanın tarladan istehlakçının masasına qədər təhlükəsizliyinin təmin olunması qarşıya məqsəd qoyulub. Bu cür ciddi məsələləri yerinə yetirmək üçün hesab edirəm ki, agentlik çox iş görməlidir. Düşünürəm ki, əgər onlar mükəmməl iş görmək istəyirlərsə, gərək KİV, ictimai təşkilatlarla yaxşı iş qursunlar. Lakin müşahidə olunur ki, onlar bu inteqrasiyanı əldə edə bilmir, yaxud bunu istəmirlər. Əsasnamənin 5 və 8-ci bəndində göstərilir ki, kollegiya yaradılmalıdır və burada KİV, ictimai təşkilat təmsilçiləri də təmsil olunmalıdır. Dəfələrlə bununla bağlı məsələ qaldırmışam ki, rüşvət amilinin sıfıra endirilməsi, şəffaflığın olması üçün kollegiya təşkil edilməlidir. Lakin müraciətlərimin heç birinə cavab verilməyib. Bu, məni çox narahat edir ki, qurum effektli işləməyə bilər. Hal-hazırda əkinçi torpağı becərir və torpağa istədiyi qədər gübrə verir. Gərək agentliyin adamları indidən əkinçiyə nəzarət etsinlər ki, məhsula qədərində gübrə versin.
Gübrə çox olarsa, məhsul keyfiyyətli olmaz. Hər il olduğu kimi, bu yayda da qarpızların üzərində laboratoriyada analizlər aparacam və agentliyin necə işlədiyini biləcəyik. İkinci çatışmayan tərəf sertifikatlaşma ilə yoxlayıcı orqanın bir əldə cəmləşmə istəyidir. Bu, çox səhv siyasətdir. Çünki sertifikat verən orqan müstəqil olmalıdır. Eyni zamanda bu iki orqan bir-birinə opponent olmalıdır. Bir orqan həm sertifikat verib, həm də yoxlama funksiyasını həyata keçirəcəksə, heç bir nəticə gözləmirəm. Çox təəssüflər olsun ki, qarşıda bu qədər əhəmiyyətli məsələlər qoyulsa da, qurum çoxlu səlahiyyətlər əldə etmək istəyir. Bununla da razı deyiləm. Təklif edirəm ki, kommunal xidmət üzrə də agentlik yaradılsın və onlar da bir əldə birləşdirilsin. Ölkə prezidenti qərar qəbul edir və insanlar üçün çoxsaylı xoş niyyətlər var. Lakin iş ictimaiyyət tərəfindən dəstək görməsə, zəif alınar. Qida Təhlükəsizliyi Agentliyi bazara nəzarət edir. Biz isə ictimai təşkilat, KİV-lər vasitəsilə onun fəaliyyətinə nəzər yetiririk”.
Hüseynova görə, qurum küçədə pərakəndə şəkildə satılan məhsullara, bişmiş qidalara, dönərxanalara və digər bu kimi yerlərə də nəzarət etməlidir: “Gözləyirik ki, qurum bərli-bəzəkli restoranların mətbəxinə də nəzarət edəcək. Lakin ictimai dəstək alınmasa bunun, heç bir əhəmiyyəti yoxdur. Bizim təşkilat müvafiq layihə üzrə tədbirlərə başlayacaq. Belə ki, rayonlarda əhali arasında treninqlər keçirəcəyik ki, bu işə dəstək versinlər. Məsələ burasındadır ki, agentliyin işçiləri nə qədərdir ki, bütün qidalara nəzarət edə bilsinlər? Ona görə də ictimaiyyətin köməyi lazımdır. Məndə olan məlumata görə ,hazırda agentlik qanunvericilikdə nəzərdə tutulan işləri yerinə yetirirlər. Yəni laboratoriya, kadr məsələlərini həll edirlər. Lakin çox da əhəmiyyəti olmayan bəyanatlar verirlər və heç bir praktik iş görünmür”. (Yeni Müsavat)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb