Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Foodinfo.az xəbər verir ki, məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2024-cü il üzrə ilk görüşlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 96 və 109 nömrəli tam orta məktəblərdə təşkil olunub.

Tədbirlərdə iştirak edən 300-ə yaxın məktəbliyə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Qida ilə təhlükəsiz davranma” mövzusunda təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb. Eyni zamanda görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.