Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasını davam etdirir.

Foodinfo.az xəbər verir ki, əhatə dairəsi getdikcə genişlənən kampaniyaya artıq Milli Məclisin üzvləri Müşfiq Cəfərov və Emin Hacıyev də qoşulub. Sağlam həyat tərzi üçün şəkər istehlakının azaldılmasının vacib olduğunu vurğulayan millət vəkilləri vətəndaşları kampaniyaya qatılmağa dəvət ediblər. Bundan əvvəl isə gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “ABAD” publik hüquqi şəxs “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulub. 

Qeyd edək ki, AQTA tərəfindən kampaniya ilə əlaqədar geniş təbliğat-təşviqat işləri aparılır. Bu çərçivədə maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin kütləvi informasiya vasitələrində kampaniya ilə bağlı məlumat, süjet və verilişlərin yayımlanmasına xüsusi diqqət yetirilir. “Real” Televiziyasında yayımlanan “Realda qida” verilişində bu mövzuya geniş yer ayrılır. Bu vaxtadək verilişdə "Qəbul etdiyimiz şəkərdəki zərər", "Şəkərin uşaqlara ziyanı", "Şəkər: miflər və faktlar", “Şəkəri niyə və necə azaldaq?”, “Şəkərin zərəri qida subyektlərinin vəzifələri kontekstində" mövzularında Agentliyin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin, həmçinin həkimlərin, ekspertlərin, qida mühəndislərinin və diyetoloqların iştirakı ilə müzakirələr aparılıb.

Onu da bildirək ki, AQTA-nın “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə reallaşdırılır.