Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az AQTA-ya istinadən xəbər verir ki, tədbirlər çərçivəsində “Polsan Anka” MMC-nin Ukrayna Respublikasından idxal etdiyi “Business Meat Product LLC” şirkətinə məxsus 20 ton ət məhsulu partiyasından (dondurulmuş sümüksüz mal əti) Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Laborator müayinələr nəticəsində nümunələrdə infeksiya törədiciləri – “Pasteruella multocida” və “Stretococcus pneumonia” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi Xidmətinə ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.
Qeyd edək ki, bu hal istehsalçı şirkətdən ölkəmizə idxal olunan ərzaq məhsullarında aşkarlanmış təkrar uyğunsuzluqdur.