Gürcüstanın Aşağı Kartli regionunda qeydə alınan xırdabuynuzlu heyvanların taunu xəstəliyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublikamızın adıçəkilən ölkə ilə sərhədyanı olan Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində bu xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinq keçirilir.
Foodinfo.az xəbər verir ki, cari ilin 13-29 mart tarixlərini əhatə edəcək monitorinq zamanı sözügedən 7 rayona aid təsadüfi seçim üsulu ilə təyin edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya fermer təsərrüfatında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845 diaqnostik nümunə götürüləcək. Eyni zamanda ev heyvanları ilə yanaşı, rayonlardakı təbiət ərazilərində vəhşi heyvanlar arasında klinik müşahidələr aparılacaq və epizootoloji məlumatlar toplanaraq müvafiq hesabatlar tərtib ediləcək. Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və Göygöl Regional Sınaq Laboratoriyasına təqdim olunacaq.
Monitorinqdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin mütəxəssisləri də iştirak edəcəklər.