Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Yardımlı rayonunda tütünçülüyün inkişaf etdirilməsinə diqqət artırılıb. Fins.az xəbər verir ki, sovet dövründə Yardımlıda 320 hektar sahədə tütün əkilib. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan tütünçülük dövlət dəstəyi ilə 2016-cı ildə yenidən dirçəlməyə başlayıb. İlkin mərhələdə 10 hektarda tütün əkilib. Ötən il rayonda 55 hektar sahədən 43,2 ton qurudulmuş tütün tədarük olunub. Bu il isə 30 hektar sahədə əkin aparılması nəzərdə tutulub. May ayının əvvəlindən əkinə başlanılıb. Tütünçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış “Virciniya” tütün növünə üstünlük verirlər. Rayonun Orakəran kəndində 8 kameralı tütünqurutma sexi fəaliyyət göstərir. Sahələrdən yığılan yaş tütün burada qurudulduqdan sonra tədarük məntəqələrinə təhvil verilir. Qeyd edək ki, ölkəmizdə dövlət tərəfindən fermerlərə və məhsul istehsalçılarına 1 hektar sahədə tütün əkininə görə 280, yaş tütünün 1 tonunun qəbuluna görə 5, 1 ton quru tütünün qəbuluna görə isə 50 manat subsidiya verilir.