Azərbaycan Respublikası Qida Təhlükəsizliyi (AQTA) Agentliyi ölkə üzrə müvafiq nəzarət və tənzimləmə sistemi formalaşdırıb, bu istiqamətdə aktual və məqsədyönlü tədbirlər həyata keçirir. İdxal və ixrac əməliyyatları zamanı da qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinə tərəfimizdən ciddi önəm verilir. Həmin məqsədlə “Qırmızı körpü” qida təhlükəsizliyinə nəzarət məntəqəsinin tikintisi başa çatdırılıb və yaxın zamanda fəaliyyətə başlaması planlaşdırılır.
Bunu AQTA-nın sədri Qoşqar Təhməzli aprelin 5-də keçirilən “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə tədbirdə deyib.
"Eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması nəzərdə tutulur. Yeri gəlmişkən, Agentlik xarici ölkələrdə fəaliyyət göstərən və məhsullarını respublikamıza idxal etmək niyyətində olan qida obyektlərinin təsdiqi prosesini də davam etdirir. Bu vaxtadək 350-yə yaxın xarici qida müəssisəsi Agentlik tərəfindən təsdiq olunub”, - deyə Q.Təhməzli qeyd edib.