Acı yeməklər bir çox insanın sevdiyi dadlar sırasında yer alsa da, hər kəs üçün eyni dərəcədə faydalı hesab edilmir. Bu cür qidaların təsiri birbaşa insanın həzm sisteminin vəziyyətindən asılıdır. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, bu barədə Piroqov Universitetinin qastroenterologiya və dietologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Yuliya Çexonina məlumat verib.
Mütəxəssisin sözlərinə görə, ağız boşluğu, qida borusu, mədə və bağırsaqların iltihabi xəstəlikləri zamanı acı qidalar qəti şəkildə tövsiyə edilmir. Eyni zamanda xolesistit, pankreatit və böyrək xəstəliklərinin kəskin mərhələsində olan şəxslər də bu cür qidalardan uzaq durmalıdır. Belə hallarda xəstələrə selikli qişanı qıcıqlandırmayan, yüngül və qoruyucu pəhriz təyin olunur.
Çexonina qeyd edib ki, sağlam həzm sistemi olan insanlarda acı yeməklər adətən ciddi problem yaratmır. Lakin qastrit və ya digər mədə-bağırsaq xəstəlikləri mövcuddursa, acı ədviyyatlar selikli qişaya aqressiv təsir göstərərək ağrını və iltihabı gücləndirə bilər. Bu isə xəstəliyin daha da ağırlaşmasına səbəb olur.
Bununla yanaşı, həkim bildirib ki, tam sağlam insanlarda acı qidalar müəyyən faydalar da verə bilər. Onlar həzm şirələrinin ifrazını stimullaşdırır, iştahanı artırır və qidanın həzmini yaxşılaşdıra bilər. Bu xüsusiyyət xüsusilə çəki çatışmazlığı olan şəxslər üçün əhəmiyyətli sayılır, lakin yalnız sağlam mədə olduqda.
Mütəxəssis vurğulayıb ki, acı ədviyyatlar bəzən soyuqdəymə zamanı boğaz ağrısı və burun tutulmasının azalması üçün isti içkilərə də əlavə olunur. Ancaq bu təsir yalnız müvəqqəti rahatlama yaradır və müalicə üsulu hesab edilmir. Üstəlik, mədə problemləri olan insanlarda bu cür üsullar vəziyyəti daha da pisləşdirə bilər.
Çexoninanın sözlərinə görə, acı qidanın zərərli təsirinin ilk əlamətləri mədə nahiyəsində və ya sağ qabırğa altında ağrılı narahatlıqla özünü göstərir. Belə hallar müşahidə edildikdə dərhal qıcıqlandırıcı qidalardan imtina edilməli və həkimə müraciət olunmalıdır.
Həkim sonda qeyd edib ki, gündəlik qidalanma seçimi zamanı əsas meyar məhsulun populyarlığı deyil, insanın həzm orqanlarının sağlamlıq vəziyyəti olmalıdır.






