Bir çox insan üçün səhər qəhvəsi gündəlik vərdişdir. Qəhvə tez-tez süd, qaymaq, ədviyyat və şərbətlərlə içilir. Həkimlər isə xəbərdarlıq edir ki, qəhvədən həddindən artıq istifadə etmək düzgün deyil. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər gündə 2–3 fincan qəhvə ilə kifayətlənməyi və onu əsasən günün birinci yarısında içməyi tövsiyə edir.
Əgər adi kapuçino və ya amerikanodan bezmisinizsə, endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva “bronqəhvə” adlanan alternativ resepti sınaqdan keçirməyi məsləhət görür. Bu içki ketogen qidalanmaya uyğun hesab olunur və tərkibinə yağ əlavə edilməklə hazırlanır.
Həkimin sözlərinə görə, bronqəhvə orqanizmi uzun müddət tox saxlayır. Maddələr mübadiləsini sürətləndirir. Bir neçə saat aclıq hissini azaldır. Bu səbəbdən o, xüsusilə səhər saatlarında faydalı ola bilər.
Bronqəhvənin hazırlanması üçün bir fincan təzə dəmlənmiş qəhvə lazımdır. Üzərinə bir xörək qaşığı kərə yağı, imkan daxilində durulaşdırılmış yağ əlavə edilir. Bundan əlavə, bir xörək qaşığı orqanik kokos yağı istifadə olunur.
Bütün inqrediyentlər blenderdə və ya çalkalayıcıda qarışdırılır. Məqsəd yağların ayrılmadığı, kremşəkilli, homogen kütlə almaqdır. İçkiyə darçın, kakao və ya az miqdarda çili bibəri əlavə etmək olar. Şəkər isə qətiyyən tövsiyə edilmir. Həkim bildirir ki, eyni anda yağ və şəkərin qəbulu qaraciyər üçün zərərli ola bilər.
Mütəxəssislər qeyd edir ki, bronqəhvə tam yeməyi əvəz etmir. Lakin yüngül və faydalı ara qida kimi istifadə oluna bilər. Eyni üsulla bronçay, bronetsikoriy və ya bronkakao da hazırlamaq mümkündür.
Həkimlər bəzi hallarda qəhvə istifadəsini məhdudlaşdırmağı tövsiyə edir. Xüsusilə süd və qaymaqla qəhvə mədə-bağırsaq sistemində köp və narahatlıq yarada bilər. Buna görə eroziyalı qastrit, mədə və onikibarmaq bağırsaq xorası, kəskinləşmiş xroniki pankreatit və öd kisəsində daş olan şəxslərə qəhvədən ehtiyatla istifadə etmək məsləhət görülür.






