Son günlər sosial mediada badamın yuyulmasının onun qida dəyərini azaltdığı ilə bağlı iddialar geniş müzakirə olunub.
Foodinfo.az xəbər verir ki, badamı yeməzdən əvvəl yumaq onun qida dəyərinə heç bir mənfi təsir göstərmir.
Badamın tərkibindəki yağlar, vitaminlər və minerallar çəyirdəyin içində yerləşdiyi üçün sadəcə su ilə yuyulması qida dəyərinin azalmasına səbəb olmur. Əksinə, yuma prosesi məhsulun üzərində ola biləcək toz, mikrob və pestisid qalıqlarının aradan qaldırılmasına kömək edir.
Həmçinin badamın bir müddət suda isladılması həzm prosesini asanlaşdırır. Islatma fit turşusunun azalmasına səbəb olaraq mineralların orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə şərait yaradır. Bununla belə, badamın çox uzun müddət suda saxlanması cüzi miqdarda mineral itkisinə səbəb ola bilər, lakin bu fərq ciddi hesab edilmir.
Badamı yumaq təhlükəsizlik baxımından mütləqdir və qida keyfiyyətinə heç bir zərər vermir. Buna görə də istehlakçılar badamı rahatlıqla yuyub istifadə edə bilərlər.






