Boşaldıcı (yüngülləşdirici) günləri bol qida qəbulundan sonra keçirmək daha məqsədəuyğundur. Bu yanaşma həzm sisteminə düşən artıq yükün azalmasına kömək edir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə NEWS.ru nəşrinə müsahibəsində həkim-diyetoloq Natalya Mizinova bildirib.

Mütəxəssisin sözlərinə görə, boşaldıcı günlər orqanizmin həzm prosesini tənzimləməsinə və ümumi vəziyyətin yaxşılaşmasına şərait yaradır. O qeyd edib ki, bu praktika həm fizioloji, həm də genetik baxımdan əsaslandırıla bilər.

“Əgər qida qəbulundan müəyyən günlərdə imtina edən əcdadlarımızı nəzərə alsaq, bunu genetik baxımdan da izah etmək mümkündür, çünki biz onların genlərini daşıyırıq. Boşaldıcı günləri həftədə bir dəfə keçirmək olar, çətinlik yaranarsa ayda bir dəfə də kifayətdir. Həmçinin bu günləri çox yemək olan günlərlə uyğunlaşdırmaq olar. Yəni insanın həddindən artıq qidalandığı dövrlərdən sonra boşaldıcı gün keçirməsi həzm sisteminin və ümumilikdə orqanizmin yüksək kalorili rasiona uyğunlaşmasına kömək edir”, – deyə Natalya Mizinova vurğulayıb.