Allergoloq-immunoloq Ella Çuryukina bəzi yay meyvələrinin orqanizmdə ciddi allergik reaksiyalara yol aça biləcəyini açıqlayıb. Foodinfo.az bildirir ki, onun sözlərinə görə, bu cür hallar arasında ən təhlükəlisi Quincke ödemi – dərinin və selikli qişaların sürətlə şişməsi ilə müşayiət olunan anafilaktik reaksiyadır.

Mütəxəssis RG.RU-ya verdiyi müsahibədə bildirib ki, bu reaksiyaya əsasən mövsümi qidalar, xüsusilə də meyvə və tərəvəzlər səbəb olur. Çiyələk, albalı, şaftalı, gavalı, kərəviz, pomidor, bolqar bibəri və cəfəri Quincke ödemi riskini artıran qidalar sırasındadır.

Çuryukinanın sözlərinə görə, xüsusilə ağcaqayın poleninə allergiyası olan şəxslərdə albalı, gilas və alma kimi tumlu meyvələrə qarşı da eyni allergik reaksiyalar baş verə bilər. Ambroziya poleninə qarşı həssas olanlar isə qarpız və yemiş kimi məhsullardan çəkinməlidir, çünki bu qidalar səpgidən tutmuş tənəffüs çatışmazlığına qədər ciddi simptomlara səbəb ola bilər.

Həkim onu da vurğulayıb ki, belə halların təkrarlanması müşahidə edilərsə, dərhal allerqoloqa müraciət olunmalıdır. Müasir allergodiaqnostika vasitələri, xüsusilə də “allergochip” texnologiyası, orqanizmin allergenlərə qarşı molekulyar səviyyədə həssaslığını təyin etməyə imkan verir.

Bu tövsiyələr xüsusilə yay aylarında sağlamlığını qorumaq istəyənlər üçün əhəmiyyətlidir.