
İsti hava şəraitində orqanizmdə maye itkisi daha sürətli baş verir və bu zaman bəzi içkilər, o cümlədən kofe vəziyyəti daha da ağırlaşdıra bilər.
Foodinfo.az bildirir ki, bu barədə diyetoloq Viktoriya Qovoruşko “Radio 1”ə verdiyi açıqlamada danışıb.
Mütəxəssis xəbərdarlıq edir ki, yayda kofe içmək orqanizmdən suyun xaric olunmasını sürətləndirir və bu, susuzlaşmaya gətirib çıxara bilər. O, gün ərzində əsasən adi su içməyi tövsiyə edir.
Qovoruşko bildirib ki, yay aylarında insanların iştahı azalır və bu, təbiidir. Lakin ac qalmaq və gün ərzində tamamilə qida qəbul etməmək səhvdir. O qeyd edir ki, bədənin ehtiyacları dəyişsə də, balanslı və yüngül qidalanma davam etməlidir.
“Qışda bədən daxildən isinmək istəyir və ona görə də isti və kalorili yeməklər arzuolunandır. Yayda isə bədənin belə ehtiyacı olmur. Lakin gündüz ac qalmaq gecə qəfil aclıq tutmasına və həddindən artıq yeməyə səbəb ola bilər”, – deyə mütəxəssis vurğulayıb.
O həmçinin qeyd edib ki, yayda çox yağlı və ağır yeməklərdən çəkinmək, meyvə, tərəvəz və su miqdarını artırmaq vacibdir. Beləliklə, orqanizm həm yüklənmir, həm də susuzlaşma riski azalır.