
Dondurma alarkən onun yalnız dadına deyil, keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirilməlidir.
Foodinfo.az xəbər verir ki, dondurma alarkən ilk növbədə məhsulun tərkibi oxunmalıdır. Təbii süd, krem, meyvə püresi ilə hazırlanmış dondurmalar daha sağlam sayılır, süni dadlandırıcılar, palma yağı və çoxlu qatqı maddələri olan məhsullardan uzaq durmaq məsləhətdir.
Qablaşdırması dəyişik, yırtılmış və ya şişkin olan dondurmalar alınmamalıdır, çünki bu məhsullar əriyib yenidən dondurulmuş ola bilər. Belə hallarda dondurmanın içində buz kristalları görünür və bu, həm keyfiyyət itkisinə, həm də zəhərlənmə riskinə səbəb ola bilər.
Dondurmanın saxlanma temperaturu da vacibdir. Soyuducuda çox yumşaq olan və forması pozulmuş dondurmalar təhlükəli ola bilər.
Dondurma yalnız etibarlı satış məntəqələrindən və lisenziyalı markalardan alınmalıdır. Küçə satıcılarından alınan dondurmaların saxlanma şəraiti qeyri-müəyyən olduğundan zərərlidir.
Həmçinin istehsal və son istifadə tarixinə mütləq baxılmalıdır. Tarixi keçmiş və ya tarixinə az qalmış məhsullar sağlamlıq üçün təhlükəlidir.