Köhnə bir deyim vardır : “Könül nə çay istər, nə qəhvə. Könül söhbət istər, qəhvə bəhanə”.
Bəhanə olmağına bəhanə, amma yaşantımıza bu qədər daxil olmuş çay – qəhvə istehlakını necə ayarlaya bilərik? Gün ərzində çox miqdarda qəbul etdiyimiz çay – qəhvə bədənimizə nə dərəcə təsir edir? Sağlamlığımıza ziyanı nələrdir?
Qəhvə maqnezium, çay isə kaliumla zəngin içkidir. Çay, bədəndəki elektrolit balansını təmin etmə mövqeyindən içkilər arasında önəmli bir yerə sahibdir. Ancaq qəhvə üçün eyni sözləri deyə bilmərik. Çünki qəhvə bədəndəki maye itkisini artırır. Qəhvə içdikdən bir müddət sonrakı susuzluğun səbəbidə bunla əlaqəlidir.
Çay və qəhvədən bəhs edərkən, son illərdə getdikcə önəmi artan kofeindən söz etməmək mümkün deyil. Kofeinlə əlaqəli araşdırmalar hələ də davam edir. Ancaq son araşdırmalara görə:
1 fincan (200- 250 ml) instant qəhvə (içilməyə hazır ) 100 – 120 mq,
1 çay stəkanında ( 5 dəq dəmlənmiş halda ) 40 – 50 mq kofein vardır.
İçərək qəbul etdiyimiz kofeinin 99 % faizi bədən tərəfindən sorulur. Qəbul edildikdən 5 dəqiqə sonra bütün toxumalarda təsiri görülməyə başlayır. Sürətli sorulduğu və demək olarki bütün toxumalara qısa zamanda yayıldığı üçün xəbərdar edici təsiri özünü biruzə verir. Bu səbəblə yuxu qaçırtmaq üçün əla vasitədir. Ancaq eyni sürətlə dölə və ana südünə keçdiyindən hamilə və südverən anaların kofein miqdarı qəbuluna diqqət etmələri məsləhət görülür.
Orta miqdarda qəbul edilən kofeinin (gündə 200 – 300 mq) yuxusuzluğa və zehni yorğunluğu aradan qaldırmaq kimi təsiri olduğu aşikardır. Bu da bir fincan qəhvə və ya 4 stəkan çay içməklə təmin olunur. Kofeinin artıq miqdarda qəbulu ürək xəstəliklərinə və yüksək təzyiqə səbəb ola bilər. Kofeinin başqa bir özəlliyi də maddələr mübadiləsinin sürətini artırmasıdır. Bu səbəbdən pəhrizlərin əvəzsiz içkisidir.
Anemiya, qan azlığı olan insanlarda çayın tərkibində olan tanin adlı maddə, dəmir elementinin azalmasına və sorulmasına ciddi səbəb olur. Bu insanların günlük çay qəbuluna diqqət etmələri məsləhət görülür. Çayı yeməkdən 1 saat sonra, açıq və limonlu şəkildə qəbul etmələri vacibdir. Eyni zamanda böyümə dövründə olan uşaqların anemiya riski digər yaş qruplarına görə çox olduğundan bu yaşlarda çay qəbuluna nəzarət lazımdır. Son edilən araşdırmalarda gün ərzində 200 mq dan artıq kofein qəbul edən qadınlarda hamiləliyin vaxtından öncə sona çatma hallarına rast gəlinib.
Təhlükəsiz görünən hər iki içkinin qəbuluna diqqət yetirmək mütəxəssislər tərəfindən məsləhət görülür.
Günay Quluzadə
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi
Son xəbərlər
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir
- Bu qida ilə yuxu zamanı bədən "bərpa olunur" və cavanlaşır
- Bu məhsulu qışda ürək və qan damarlarının sağlamlığı üçün yemək lazımdır
- Hazır şorbalar ilə heç vaxt bu səhvlərə yol verməyin