
Son illərdə dünyada məşhurlaşan mavi çay kofeinsiz olması və sağlamlığa faydaları ilə diqqət çəkir. Cənubi Asiyanın ənənəvi bitkisi olan kəpənək noxud çiçəyi (Clitoria ternatea) bitkisinin qurudulmuş yarpaqlarının dəmlənməsi ilə hazırlanan mavi çay rəngi və təqdim etdiyi faydalarla istehlakçıların diqqət mərkəzinə çevrilib.
Foodinfo.az xəbər verir ki, mavi çay zəngin antioksidant tərkibinə malikdir, antioksidanlar bədəndəki sərbəst radikalları zərərsizləşdirərək hüceyrələrin zədələnməsinin qarşısını alır və immunitet sistemini gücləndirir. Bu xüsusiyyəti sayəsində qocalma əlamətlərini gecikdirməyə kömək edir.
Eyni zamanda, araşdırmalar mavi çayın ürək sağlamlığına müsbət təsirini vurğulayır. Çayın tərkibindəki birləşmələr qan dövranını artıraraq ürək funksiyalarını gücləndirməyə kömək edir.
Mavi çay beyin funksiyalarına da dəstəkləyici təsir göstərir. Xüsusilə koqnitiv funksiyaları qorumağa kömək etdiyi və diqqəti artırdığı müşahidə edilmişdir.
Bu çayın digər mühüm faydası diabet əleyhinə xüsusiyyətlərə malik olmasıdır. Bu çay qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir və diabet inkişaf riskini azaldır, həmçinin mövcud diabet xəstələrinə qan şəkərini nəzarət altında saxlamağa kömək edir.
Antioksidantlarla zəngin olan mavi çay müntəzəm istehlak edildikdə xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Çayın tərkibində olan birləşmələr sərbəst radikalların bədəndə yayılmasının qarşısını alır, hüceyrə səviyyəsində xərçəng riskini azaldır. Elmi araşdırmalar mavi çayın bu potensialını dəstəkləyir.
Digər tərəfdən, mavi çayın tərkibindəki flavonoidlər dərinin elastikliyini artıran xüsusiyyətlərə malikdir. Bu şəkildə qocalma əlamətlərini azaltmağa kömək edir və dərinin daha gənc və sağlam görünməsinə şərait yaradır.
Mavi çay hazırlamaq olduqca sadədir. Bir fincan mavi çay hazırlamaq üçün qaynar suya bir çay qaşığı qurudulmuş kəpənək noxud çiçəyi yarpaqlarını əlavə edin və 5-10 dəqiqə dəmləyin. İstəsəniz, bal və ya limon əlavə edərək şirinləşdirə bilərsiniz. Xüsusilə limon əlavə olunduqda çayın rəngi mavidən çəhrayıya çevrilir və bu vizual dəyişiklik içkiyə xüsusi cazibə qatır.