Nar çox faydalı və qidalandırıcı bir meyvədir. Tərkibində C və K vitaminləri, fol turşusu, kalium və antioksidantlar çoxdur. Lakin faydaları ilə yanaşı, potensial risklər də mövcuddur.
Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin Ümumi Biologiya və Bioekologiya kafedrasının dosenti Roman Oparin danışıb.
Narın faydaları
1. Antioksidantlar. Narın tərkibində bədəni sərbəst radikallardan qorumağa kömək edən, hüceyrə zədələnməsinin və iltihabın qarşısını alan güclü antioksidantlar var.
2. Ürək damarlarının qorunması. Narın suyu və ya dənələri xolesterini, qan təzyiqini və ürək xəstəliyi riskini azalda bilər, çünki meyvə qan dövranını yaxşılaşdırmağa və iltihabı azaltmağa kömək edir.
3. Xərçəngin qarşısının alınması. Tədqiqatlar göstərir ki, nar xərçəngin, xüsusən də döş və prostat xərçənginin qarşısını almağa kömək edə bilər. Bu meyvə xərçəng hüceyrələrinin böyüməsini yavaşlata və yayılma riskini azalda bilər.
4. İmmun sisteminin gücləndirilməsi. Narın tərkibində yüksək miqdarda C vitamini var ki, bu da immuniteti gücləndirməyə, infeksiyaların qarşısını almağa və yaraların sağalmasını sürətləndirməyə kömək edir.
Narın zərərləri
1. Nar bir sıra antibiotiklərə təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, bu meyvədən istifadə etdikdə dərmanların bəzi yan təsirləri arta bilər.
2. Yüksək kalorili olması. Narın tərkibində çoxlu miqdarda şəkər var ki, bu da əlavə kalori deməkdir. Çox miqdarda yeyildikdə, çəki artımı və ya diabetli insanlarda qanda şəkərinin artması riski var.
3. Allergik reaksiyalar. Bəzi insanlarda nara qarşı allergiya ola bilər ki, bu da qaşınma, səpkilər, şişkinlik və ya ishal kimi müxtəlif əlamətlərlə özünü göstərir.