Səhər yeməyi gün boyu özünü gümrah və enerjili hiss etməyin əsas şərtlərindən biri hesab olunur. Düzgün seçilməyən səhər qidası tez yorğunluq və diqqət azalmasına səbəb ola bilər. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, Almaniya Köln İdman Universitetinin professoru İnqo Frobözenin fikrincə, balanslı səhər yeməyi orqanizmi gün ərzində lazım olan enerji ilə təmin edir və ümumi fəaliyyətə müsbət təsir göstərir.

Mütəxəssis bildirir ki, səhər oyandıqdan sonra ilk addım bir stəkan su içmək olmalıdır. Bu, orqanizmin gecə itirdiyi mayeni bərpa edir və maddələr mübadiləsini aktivləşdirir. Daha sonra qəbul edilən qidalar isə həm toxluq hissi yaratmalı, həm də uzunmüddətli enerji verməlidir. Səhər yeməyi tələsmədən və sakit şəraitdə qəbul edildikdə həzm prosesi də daha yaxşı gedir.

Professorun sözlərinə görə, mürəkkəb karbohidratlar enerjinin əsas mənbəyidir, zülallar uzun müddət toxluq hissi yaradır və əzələlərin dəstəklənməsində rol oynayır. Faydalı yağlar isə maddələr mübadiləsi və əhvalın stabilliyi üçün vacibdir. Belə balanslı səhər yeməyi qan şəkərində kəskin enib-qalxmaların qarşısını alır və nahara qədər tez-tez qəlyanaltı ehtiyacını azaldır.