Yay mövsümündə yüksələn temperatur qida məhsullarında bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Foodinfo.az bildirir ki, bu barədə Roskaçestvo Qida Təhlükəsizliyi Kompetensiya Mərkəzinin rəhbəri Yelena Spetsenko RT-yə açıqlamasında xəbərdarlıq edib.

Ekspertin sözlərinə görə, tez xarab olan məhsulların saxlanma temperaturu mütləq +2 ilə +4 dərəcə arasında olmalıdır. O, piknik və açıq hava tədbirlərində yeməklərin soyuducu çantalarda daşınmasını, temperaturun qorunması üçün soyuducu elementlərdən istifadə edilməsini tövsiyə edib.

Spetsenko vurğulayıb ki, isti havalarda xüsusilə mayonezli küçə yeməklərindən, ətli içlikli məhsullardan, çiy yumurta tərkibli yeməklərdən, qaymaqlı şirniyyatlardan və düzgün saxlanmayan süd məhsullarından uzaq durmaq lazımdır. Həmçinin yalnız qablaşdırılmamış təmiz içməli suya üstünlük verilməlidir.

Mütəxəssis gigiyenanın zəhərlənmənin qarşısını almaqda əsas rol oynadığını qeyd edib. Onun fikrincə, əllərin mütəmadi yuyulması, çiy və bişmiş məhsullar üçün ayrı kəsici lövhələrdən istifadə olunması vacibdir.

Spetsenko əlavə edib ki, ət və balıq məhsulları yaxşıca bişirilməli, hazır yeməklər isə otaq temperaturunda iki saatdan artıq saxlanmamalıdır.

Yayda qida zəhərlənməsinin qarşısını almaq üçün hər bir istehlakçı bu sadə, lakin vacib qaydalara əməl etməlidir.