Həkim-dietoloq, preventiv tibb üzrə mütəxəssis Anastasiya Yefimova karbohidratların sağlam qidalanmada əhəmiyyətli yer tutduğunu bildirib. Foodinfo.az bildirir ki, ekspert aif.ru saytına açıqlamasında karbohidratların özlüyündə zərərli olmadığını vurğulayıb. Onun sözlərinə görə, problem əsasən sürətlə mənimsənilən karbohidratların həddindən artıq qəbulundan yaranır.
Bu tip qidalar qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olur. Yefimova qeyd edib ki, karbohidratların düzgün kombinasiyası bu təsiri azaltmağa kömək edir. Belə ki, karbohidratlar zülal, lif və faydalı yağlarla birlikdə qəbul edildikdə, sorulma prosesi yavaşlayır. Nəticədə enerji səviyyəsi daha uzun müddət stabil qalır. Mütəxəssis bu yanaşmanın gün ərzində halsızlıq hissinin qarşısını aldığını bildirib.
Dietoloqun sözlərinə görə, kompleks karbohidratlara üstünlük verilməsi daha məqsədəuyğundur. Taxıllar, tərəvəzlər və paxlalılar bu baxımdan faydalı hesab olunur. Yefimova balanslı rasionun maddələr mübadiləsinə müsbət təsir etdiyini deyib. O, qidalanmada tam qadağalar yerinə düzgün nisbətlərin seçilməsini tövsiyə edib.






