Məhsulların düzgün uyğunlaşdırılması sağlam qidalanmanın əsas şərtlərindən biridir və bu, kəsmiyə də aiddir.
Kəsmikdən maksimum fayda əldə etmək və həzm problemləri ilə üzləşməmək üçün onu hansı qidalarla birlikdə yeməyin doğru olduğunu bilmək vacibdir.
Foodinfo.az Doctorpiter saytına istinadla xəbər verir ki, mütəxəssislər kəsmiyin kalsium və zülalla zəngin olduğunu, arıqlamaq və ya əzələ kütləsini artırmaq istəyənlər üçün ideal məhsul sayıldığını bildirirlər.

Bununla belə, dietoloqlar vurğulayırlar ki, kəsmik düzgün məhsullarla birlikdə istifadə olunmadıqda fayda əvəzinə sağlamlıq problemlərinə səbəb ola bilər. Tibb elmləri doktoru, dietoloq Mariyat Muxina kəsmiklə uyğun olmayan qidalar barədə açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, kəsmiyi ət, balıq və şəkərlə birlikdə yemək məsləhət görülmür. Səbəb ondan ibarətdir ki, heyvani mənşəli zülallar bir-biri ilə birlikdə çətin həzm olunur. Bu cür uyğunlaşma mədədə ağırlıq, köp, mayalanma və narahatlıq yarada bilər.

Kəsmiyin tərkibində artıq təbii süd şəkəri – laktoza mövcuddur. Ona əlavə şəkər qatmaq isə şəkər mübadiləsinə mənfi təsir göstərə və şəkərli diabet riskini artıra bilər. Eyni zamanda kəsmiyi yumurta ilə birlikdə yemək də tövsiyə edilmir, çünki hər iki məhsul zülal baxımından zəngindir. Kəsmiyi qəhvə ilə içmək də düzgün deyil, çünki qəhvə kalsiumun mənimsənilməsinə mane olur.

Bəs kəsmiklə hansı məhsullar uyğun sayılır? Nutrisiyoloq Svetlana Peres de Montes Raterik kəsmiyə xama və çərəzlər əlavə etməyi tövsiyə edir. Həmçinin göyərti, xiyar və yaşıl soğanla birlikdə istifadə edildikdə kəsmik daha rahat həzm olunur. Dad müxtəlifliyi üçün ədviyyatlardan da istifadə etmək mümkündür.

Mütəxəssislər qeyd edirlər ki, kəsmikdən sonra ağır yeməklərdən uzaq durmaq daha məqsədəuyğundur. Çünki kəsmiyin tərkibində olan kazein zülalı mədədə yavaş həzm olunur və digər qidalarla birlikdə qəbul edildikdə həzm prosesini çətinləşdirə bilər.

Hər nə qədər faydalı olsa da, kəsmik hər kəs üçün uyğun deyil. Laktoza dözümsüzlüyü olan şəxslərə bu məhsul tövsiyə edilmir. Mədə problemləri və böyrək xəstəlikləri olanlar isə kəsmiyi ehtiyatla istifadə etməlidirlər. Sağlam insanlar üçün gündəlik tövsiyə olunan miqdar 250 qramdır, idmançılar və əzələ artırmaq istəyənlər üçün isə bu miqdar 400 qrama qədər artırıla bilər.

Maraqlıdır ki, bir çox insan az yağlı süd məhsullarını daha sağlam hesab edir. Halbuki həkimlər bildirirlər ki, yağsız kəsmik orqanizm üçün o qədər də faydalı deyil. Yağlar vitaminlərin mənimsənilməsi, hormonların sintezi və immun sisteminin qorunması üçün vacibdir. Bu səbəbdən mütəxəssislər kəsmik seçərkən təbii və yağlı variantlara üstünlük verməyi məsləhət görürlər.