Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub. Azərbaycanın iqtisadi tərəfdaşı olan, xüsusilə cənub zonasının bir çox ərzaq ehtiyatlarının təmin olunduğu İranla sərhədlərin bağlanması ölkəmizdə ərzaq təhlükəsizliyini gündəmə gətirir. Foodinfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov bildirib ki, koronavirus ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir edir: “Azərbaycan da bu baxımdan istisna deyil. Gec də olsa İranla sərhədlərimizin bağlanması virusun yayılmasının qarşısını aldı. Bu qərar vaxtında verilsəydi, daha yaxşı olardı, viruslu xəstələr ölkəmizə daxil olmazdı. Amma indiki məqamda bağlanıb və buna görə ərzaq təhlükəsizliyilə bağlı ciddi problem yaşanacağını düşünmürəm”. İqtisadçı deputat qeyd edib ki, əgər hər hansı ərzaq təhlükəsi ehtimalı olsaydı, cənab Prezident bununla bağlı dərhal addım atardı: “Ümumiyyətlə, ərzaq təhlükəsizliyi ən ciddi məsələlərdən biridir. Biz də İran və digər dövlətlərdən bir çox ərzaq məhsulları idxal edirik. Amma indiki məqamda Azəraycanda kifayət qədər taxıl, ərzaq ehtiyatları var, mağazalarda da bolluqdur. Bu baxımdan qısamüddətli dövr üçün hansısa problem gözlənilmir. Belə bir təhlükə hiss olunsaydı, cənab Prezident əlahiddə tədbirlərlə bağlı göstəriş verərdi. Ümid edək ki, koronavirus təhlükəsi tez bir zamanda sovuşacaq. Düşünürəm ki, dünyanın əksər dövlətlərində bu virus yayıldığından sərhədlər nə qədər bağlı qalsa, qorunsa, o qədər yaxşı olar”. V.Əhmədov möhtəkilərin fürsətdən istifadə edib bahalaşmaya getməsini pisləyib: “Bizdə bəzi fürsətcillər var ki, xüsusi günlərdə, bayramlarda, yaxud indiki situasiyadakı kimi heç bir iqtisadi əsası olmadan bahalaşmaya gedirlər. Ümid edirəm ki, aidiyyatı qurumlar, hüquq müfahizə orqanları məsələyə diqqəti artıracaqlar. Məndə olan məlumata görə, ölkə başçısının xüsusi tapşırğından sonra dövlət qurumları bahalaşamaya qarşı birgə iş aparır”.