Qida lifləri uzun müddətdir ki, bağırsaq sağlamlığını dəstəkləyən vacib maddə kimi tanınır, lakin onların orqanizmə təsiri bununla məhdudlaşmır. Mütəxəssislər bildirirlər ki, lifin kifayət qədər qəbulu ümumi sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, Health nəşrinin yazdığına görə, qida lifləri “pis” xolesterinin azalmasına, qanda şəkərin normallaşmasına, çəkinin nəzarətdə saxlanılmasına və bəzi xroniki xəstəliklərin riskinin azalmasına kömək edir.

1. Xolesterinin səviyyəsini azaldır

Xüsusilə yulaf, paxlalılar, kətan toxumu və kəpəkdə olan həll olunan liflər qida vasitəsilə qəbul edilən xolesterinin bir hissəsinin orqanizm tərəfindən mənimsənilməsinin qarşısını alır. Bu barədə Qidalanma və Dietologiya Akademiyasının nümayəndəsi Tereza Cental məlumat verib.

2. Qanda şəkərin səviyyəsini tənzimləyir

Dietoloq Keri Qansın sözlərinə görə, lifli qidalar həzmi yavaşladır və yeməkdən sonra qanda şəkərin kəskin yüksəlməsinin qarşısını alır.
2020-ci ildə aparılan araşdırma göstərib ki, gündə təxminən 35 qram lif qəbul edən diabet xəstələrində qanda şəkərin səviyyəsi cəmi 19 qram lif qəbul edənlərlə müqayisədə daha aşağı olub.

3. Çəkinin nəzarətdə saxlanılmasına kömək edir

Liflə zəngin qidalar daha uzunmüddətli toxluq hissi yaradır və bu da ümumi kalori qəbulunun azalmasına səbəb ola bilər. Mütəxəssislər qeyd edirlər ki, uzun müddət tox qalmaq insanlara daha az yeməyə kömək edir, bəzi tədqiqatlar isə lifin müntəzəm qəbulu ilə metabolik sindromu olan şəxslərdə çəki azalması arasında əlaqə olduğunu göstərir.

4. Xroniki xəstəliklərin riskini azaldır

Tereza Centalın sözlərinə görə, rasionda kifayət qədər lifin olması divertikulyoz və kolorektal xərçəng kimi xroniki xəstəliklərin yaranma riskini azaldır.

Mütəxəssislər gündəlik 25–30 qram lif qəbulunu tövsiyə edirlər. Amerika Xərçəng Araşdırmaları İnstitutu isə xərçəng riskini azaltmaq üçün bu göstəricinin gündə 30 qram və daha çox olmasını məsləhət görür.