Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunur.
Əsrlər boyu olduğu kimi, müstəqillik illərində də ölkə əhalisi Qurban bayramını şövqlə qeyd edir. Hər il, istər-istəməz, bu müqəddəs bayramın tarixi və məziyyətləri xatırlanır.
Həmin hadisənin bu şəkildə baş verdiyi mənbələrdə qeyd olunur: Həzrət İbrahim (ə) ömrünün ahıl çağına çatdıqda Allah-təala ona bir oğul bəxş etdi. Bu, gələcək peyğəmbər İsmail (ə) idi. Lakin bir müddət sonra İbrahim (ə) ailədə yaranan narazılıq səbəbilə körpə İsmaillə (ə) onun anasını uzaq bir ərazidə yerləşdirməyə məcbur olur.
Bundan sonra İbrahimin (ə) digər həyat yoldaşından çoxlu övladı doğulsa da o, ilk oğlu İsmailə (ə) xüsusi məhəbbət bəsləyirdi. Elə bu məhəbbət üzündən də Allah onu çətin bir imtahana çəkməyi qərara aldı.
Qurani-kərim bu hadisəni bizə belə bəyan edir: "İbrahim müqəddəs torpağa yetişdikdə dua edib dedi: "Ey Rəbbim, mənə salehlərdən olan bir övlad bəxş et!" Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb-qaçmaq və atasına kömək edə bilmək çağına yetişdikdə İbrahim dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax, gör, bu barədə nə fikirləşirsən?" O dedi: "Atacan, sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!" Onların hər ikisi Allahın əmrinə təslim olduğu və İbrahim İsmaili qurban kəsmək üçün üzü üstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: "Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi." Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün yaxşı ad, gözəl xatirə qoyduq. İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi. Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik." ("Səffat" surəsi, 100-112).
Beləliklə, həmin hadisədən etibarən, Allah yolunda heyvan qurban kəsmək ibadət növlərindən biri sayılır. Bu hadisənin əzəmətini nəzərə alaraq, Allah həcc ziyarətinə gedənlərə qurban kəsməyi vacib edib.
Allah qurbanlarımızı qəbul etsin!