Organik Kənd Təsərrüfatı Tədqiqatları İnstitutu (FIBL) və Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Fəaliyyətləri Federasiyası (IFOAM) qlobal orqanik (təbii) məhsul bazarına dair "Orqanik Kənd Təsərrüfatı Dünyası" adlı son hesabatını açıqlayıb. Hesabata görə, qlobal orqanik məhsul bazarının həcmi 2016-ci ildə 89,7 milyard dollara çatıb. Dərc olunan hesabatda, dünyada 178 ölkədə 57,8 milyon hektar sahədə, 2,7 milyon istehsalçının orqanik kənd təsərrüfatı ilə məşğul olduğu bildirilib. Orqanik kənd təsərrüfatı sahələrinin ölkələr üzrə bölgüsünə baxanda 27,1 milyon hektarla Avusturalya ilk sırada yer alır. Bu ölkənin ardınca 3 milyon hektarla Argentina, 2,3 milyon hektar sahə ilə Çin gəlir. Bazar Araşdırma Şirkəti Ecovia Intelligence-ə görə qlobal orqanik məhsul bazarı 1999-2006 dövründə 15,2 milyard dollar səviyyəsindən 2016-da 89,7 milyard dollara çatıb. Araşdırmaya görə, ən böyük orqanik ərzaq bazarı 48 milyard dollar ilə ABŞ-dadır. Almaniyanın orqanik ərzaq məhsulları bazarı 11,7 milyard dollara çatarkən, Fransada 8,2 milyard dollar səviyyəsindədir. İstehlakçı tələbində artıma paralel olaraq orqanik qida istehsal sahəsi, miqdarı və fermer sayının da artım meylində olduğu qeyd edilib. Orqanik ərzaq məhsullarına adambaşına ən yüksək xərci çəkən ölkələr siyahısında 337 dollar ilə İsveçrə birinci yerdə gəlir. Danimarka isə cəmi ərzaq məhsulları bazarında 9,7% ilə ən böyük orqanik bazar payına malik ölkə mövqeyindədir. (Marja.az)